Şimali Makedoniyada 23 yaşadək güləşçilərin Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsinə yekun vurulub.

Son gündə komdandamız daha 3 medal əldə edib. 86 kqda Orxan Abasov finala kimi inamla irəliləsə də, burda Rusiya idmançısına uduzub. 92 kqda isə Osman Nurməhəmmədov finalda türkiyə güləşçisi ilə bacarmayıb. Beləliklə hər iki pəhlivanımız yarışı gümüş medalla başa vurub. Ən ağır çəkidə isə Vahid Qalayev bürünc medal əldə edib. O, 3-cülük görda görüşündə Albaniya təmsilçisinə qalib gəlib.

Beləliklə, sərbəst güləşçilərimiz Avropa çempionatını 1 qızıl, 3 gümüş və 3 bürünc medalla başa vurublar. Qitə birinciliyinə 8 güləşçi ilə yollanan millimizin 7 üzvü fəxri kürsüyə qalxıb. Komandamız həm də medal rekordunu yeniləyib. Belə ki, 2015-ci ildən keçirilən analoji turnirdə sərbəst güləş millimiz heç vaxt bu qədər mükafat qazanmamışdı. Xatırladaq ki, Avropa çempionatında Cəbrayıl Hacıyev qızıl, Əliabbas Rzazadə, Orxan Abasov və Osman Nurməhəmmədov gümüş, Zirəddin Bayramov, İslam İlyasov və Vahid Qalayev bürünc medal qazanıb. Yekunda yığmamız 140 xal toplayıb və Avropa 3-cüsü olub. Rusiya 196 xalla 1-ci, Türkiyə isə 150 xalla 2-ci yeri tutub.