2017-ci ildə karyerasını bitirən Vladimir Kliçko yenidən rinqə qayıtmağa hazırlaşır. Bu barədə onun sabiq məşqçisi Ceyms Əli Bəşir məlumat verib. Amerikalı mütəxəssis mətbuata açıqlamasında boks üzrə sabiq dünya çempionunun planlarından danışıb: “Son 2-3 ildə mən ətrafımdakı insanlara Vladimir Kliçkonun qayıdacağını söyləyirdim. Hamı mənə gülürdü, bəs indi? İndi heç kimin bunu kinayə ilə qarşılamağa ixtiyarı yoxdur. Mən Vladimiri yaxşı tanıyıram. Onunla çox isti münasibətlərim var. Son bir neçə ildə müntəzəm olaraq Ukraynaya səfər edirəm. Onun necə məşq etdiyini gözlərimlə görmüşəm. Bir insan qayıtmaq haqda fikirləşmirsə, niyə belə məşq etsin ki? Fikrimcə, Kliçko Formanı arxada qoyub ən yaşlı dünya çempionu kimi tarixə düşəcək. O, Coşua, Uaylder və ya Fyuridən birini yerə sərəcək”
Xatırladaq ki, bir müddət əvvəl Vladimir də mətubata açıqlamasında Corc Formana məxsus rekordu yeniləmək istədiyini söyləmişdi. Amerikalı boksçu 45 yaş 299 günlüyündə dünya çempionu olmuşdu. Bu ilin mart ayında da Kliçko 45 yaşını qeyd etdi. Ukraynalı boksçu 2017-ci ildə Entoni Coşuaya məğlubiyyətdən sonra karyerasını bitirmişdi.