Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasına yekun vurulacaq.
Ölkə çempionatının qalibi məhz son turda müəyyənləşəcək. Həlledici qarşılaşmada son illərin dəyişməz çempionu “Qarabağ” və “Neftçi” ilə üz-üzə gələcək. 27 turdan 57 xal toplayan Ağdam klubu “ağ qaralar”ı yalnız 1 xal qabaqlayır. “Köhlən atlar” qalib gələcəyi təqdirdə mövsümü 60 xalla başa vuracaq ki, bu da “Qarabağ”ın çempion olduğu illər ərzində ən az xal topladığı mövsüm olacaq. Hərçənd ötən il Qurban Qurbanovun komandası 45 xalla kuboku başı üzərinə qaldırsa da, mövsüm koronavirus pandemiyasına görə yarımçıq dayandırıldı. “Neftçi”nin də ali mükafata yiyələndiyi illərə nəzər saldıqda da eyni mənzərə ilə qarşılaşa bilərik. “Flaqman” çempion olduğu mövsümlərdə heç vaxt 60 xaldan aşağı nəticə göstərməyib. 2020-2021-ci illər mövsümündə məhsuldarlığı ilə yadda qalan qarşılaşmalarda məhz “Qarabağ” diqqət mərkəzində olub. Belə ki, Ağdam təmsilçisi ardıcıl 3 turda “Keşlə” və “Sumqayıt”ı 6:1, “Neftçi”ni isə 6:0 məğlub edib. Bundan əlavə “Qarabağ”ın 24-cü turda “Qəbələ” üzərində 5:0 hesabı ilə qələbəsini də unutmayaq. Bombardirlər yarışında isə hazırda 19 qolla “Neftçi”nin yarımmüdafiəçisi Namiq Ələskərov liderdir. Aktivində 18 qol olan Mahir Emreli isə ikincidir.
Bürünc mükafat uğrunda da mübarizə gərginliyi ilə diqqət çəkir. “Sumqayıt” və “Zirə” komandaları 3-cü yer uğrunda iddiasını davam etdirir. Beləki, mövsümün 3-cü pillədə başa vuran komanda avrokuboklara vəsiqəni də təmin edəcək. Hər iki klub 28-ci turda səfərdə meydana çıxacaq. “Sumqayıt” “Səbail”in, “Zirə” isə “Sabah”ın qonağı olacaq. Digər matçda isə çempionatı heç bir iddiası qalamayan “Keşlə” və “Qəbələ” qarşıla.acaq. 28-ci turun 3 qarşılaşması saat 18-də start götürəcək. Saat 20:30-da isə çempionu müəyyənləşdirən oyun “Neftçi” – “Qarabağ” matçı başlanacaq.