Şimali Makedoniyanın paytaxtı Skopyedə 23 yaşadək güləşçilərin Avropa çempionatı davam edir. Yarışın ikinci günündə 4 idmançımız medal qazanıb. 70 kq-da mübarizə aparan Cəbrayıl Hacıyev ardıcıl olaraq Gürcüstan, İsveçrə və Rusiya güləşçilərini məğlub edərək finala yüksəlib. Həlledici qarşılaşmada Moldova idmançısına qalib gələn Hacıyev Avropa çempionu olub.
Millimizin digər üzvü Əliabbas Rzazadə də final görüşünə çıxıb. Rusiyalı rəqibilə bacara bilməyən idmançımız gümüş medalla kifayətlənib.
Zirəddin Baramovla İslam İlyasov isə bürünc mükafatı qazanıb.
Daha iki final isə bu gün keçiriləcək. Osman Nurməhəmmədov Şimali Makedoniya, Rusiya və Belarus güləşçisinə qalib gələrək finala yüksəlib. Onun həlledici görüşdə rəqibi Türkiyə idmançısı olacaq.
Mübarizəyə 1/8 finaldan başlayan Orxan Abasov isə İsrail, Ukrayna və Almaniya təmsilçilərini məğlub edib. Onun finaldak rəqibi Rusiya güləşçisi olacaq.
Ən ağır çəkidə - 125 kq-da mübarizə aparan Vahid Qalayev Gürcüstan və Ermənistan idmançılarına qalib gəlsə də, yarımfinalda Belaruslu rəqibilə bacarmayıb. Millimizin üzvü bürünc medal uğrunda görüşə çıxacaq.