FİFA reytinqinə başçılıq edən Belçika millisinin baş məşqçisi Roberto Martines Avropa Çempionatı üçün geniş heyəti müəyyənləşdirib. İspaniyalı mütəxəssis komandaya cəlb olunan 37 futbolçunun adını açıqlayıb. Xatırladaq ki, Covid–19 pandemiyasına görə məşqçilərə 23 deyil 26 futbolçu seçmək imkanı yaradılıb.
Əsas heyətdə Tibo Kurtua, Tobi Alderveyreld, Yan Vertongen, Kevin de Brüyne, Yuri Tilemans, Torqan Hazar, Toma Münye, Simyon Minyole kimi futbolçulara yer verilib.
Mişi Batşuayi və Romelu Lukaku ilə yanaşı “Renn”də inamlı çıxışı ilə seçilən 18 yaşlı Jeremi Doku da Belçika millisinin əsas qol ümidi olacaq.
Martinez komandanın liderlərindən Eden Azarın hazırkı vəziyyəti ilə bağlı fikirlərini bölüşüb. O, kapitanın yaxın həftələrdə əvvəlki formasını bərpa edəcəyinə inandığını bildirib. Təcrübəli baş məşqçi Maruan Fellaini barədə məsələyə də aydınlıq gətirib. Martinezin fikrincə, 3 ildir millidən uzaq qalan futbolçunun seçməyə çağırılmaması heç də təəccüblü deyil. Komandanın əsas üzvlərindən, hazırda zədəli Aksel Vitselin turnirə qədər tam hazır olacağı vurğulanıb.
Qeyd edək ki, Belçika millisi B qrupunda Rusiya, Finlandiya və Danimarka yığmaları ilə mübarizə aparacaq.