Ötən il pandemiya səbəbindən təxirə salınan futbol üzrə Avropa Çempionatının startına az bir zaman qalır. Artıq oyunların keçiriləcəyi şəhərlər siyahısında olan paytaxt Bakımıza turnirin kuboku da gətirilib və azarkeşlərə təqdim olunub. Sevindirici məqamdan biri də  50 faiz azarkeşlərin stadionlara buraxılmasına icazənin verilməsidir. May ayının 15-dən isə etibarən Bakı Olimpiya Stadionunda keçiriləcək matçların biletləri satışa çıxarılıb.

Azarkeşlər AVRO 2020-nin Bakıda keçiriləcək oyunları üçün biletləri 1, 2 və 3 sayılı ASAN Xidmət mərkəzləri,həmçinin  Bülbül Prospekti- Nizami küçəsi, Məhəmməd Əmin Rəsulzadə küçəsi 3 və Üzeyir Hacıbəyov 69 ünvarında yerləşən köşklərdən əldə edə bilərlər. Biletlərin qiymətinə gəlincə, 1-ci kateqoriya - 250 , 2-ci kateqoriya - 150 , 3-cü kateqoriya isə  60 manatdır. Xatırladaq ki, Avropa çempionatının 4 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü A qrupunda baş tutacaq. İyunun 12-də, Uels – İsveçrə, 4 gün sonra Türkiyə - Uels, iyunun 20-də isə Türkiyə - İsveçrə görüşləri təşkil olunacaq. 1/4 final mərhələsinin oyunu isə iyulun 3-ə təyin olunub.