“Forbes” nəşri son bir il ərzində ən çox gəlir əldə edən idmançıların reytinqini açıqlayıb.
UFC versiyası üzrə sabiq dünya çempionu Konor Makqreqor siyahıya başçılıq edib. O, ötən ilin aprelindən etibarən 180 milyon dollar gəlir əldə edib. Maraqlıdır ki, irlandiyalı döyüşçü 150 milyon dolları viski ticarətindən qazanıb. Konor 22 milyon dolları döyüşlərdən, 8 milyon dollar isə reklam anlaşmalarından əldə edib. Qeyd edək ki, Makqreqor ilk dəfə 2018-ci ildə “Forbes”in reytinqində ilk “10-luğ”a düşmüşdü. Həmin il onun gəliri 99 milyon dollardan ibarət idi.
Makqreqordan sonra növbəti iki pilləni Lionel Messi ilə Kriştianu Ronaldu tutub. “Barselona”nın hücumçusu bir il ərzində 130 milyon dollar qazanıb. Argentinalı futbolçu klubdan bir il ərzində 97 milyon dollar maaş alıbsa, 33 milyon dollar sponsor anlaşmalarından əldə edib. Kriştianu Ronaldu isə ümumilikdə 120 milyon dollar qazanıb. Yeri gəlmişkən, ilk 10-luqda futbolçulardan Neymar, tennisçilərdən Rocer Federer, basketbolçulardan Lebron Ceymslə Kevin Dürant, amerika futbolunun nümayəndələrindən Dak Presskotla Tom Bredi, Formula 1 pilotlarından isə Lüis Hemilton yer alıb.