Hazırda Yaponiyada koronavirusla bağlı vəziyyətin ağır olması təkcə Beynəlxalq Olimpiya Komitəsini deyil, həm də yaponları ciddi narahat edir. Doğrudur, iyulun 23-də start götürəcək nəhəng idman festivalının bu dəfə də təxirə salınacağı real görünmür. Amma təşkilatçıların Tokio gələcək atletlərin hansı şəraitdə mübarizə aparacağı müəmma olaraq qalır. İndiki məqamda ümid iştirakçıların peyvənd olunmasınadır. Elə WTA-nın reytinq cədvəlində ikinci pillədə qərarlaşan yaponiyalı tennisçi Naomi Osaka da buna ümid edir. Mətbuata açıqlama verən Osaka Olimpiadanın təşkil olunmasının tərəfdarı olduğunu söyləyib. O, iştirakçıların təhlükəsiz şəraitdə mübarizə aparması üçün yazılan hər cür ssenarini dəstəklədiyini bildirib. Osaka peyvənd olunduğunu, ancaq kiməsə buna məcbur etməyin tərəfdarı olmadığını də dilə gətirib. Yaponiyalı tennisçinin fikrincə Tokioya peyvənd olunmadan gəlmək istəyən idmançılar da təşkilatçıları başa düşməli və vaksinasiya prosesindən keçməlidir.

Digər nüfuzlu yaponiyalı tennisçi Kei Nişikori mövcud vəziyyətə görə narahat olduğunu diqqətə çatdırıb: “Beynəlxalq Olimpiya Komitəsinin və Yaponiya hökümətinin indi nə haqda fikirləşdiyini deyə bilmərəm. Tokioda 10 min idmançı mübarizə aparacaq. Bu, 100 tennisçinin bir yerə toplaşması deyil. Hətta idmançılar cəmiyyətdən təcrid olunsa belə, onların təhlükəsizliyini təmin etmək asan olmayacaq. Risk sona qədər qalacaq. Yarış zamanı 100 nəfər koronavirusa yoluxsa, nə olacaq? Çox az vaxtımız qalıb. İndidən sərt qərarlar qəbul etmək lazımdır”.
Xatırladaq ki, tennisçilərdən Rafael Nadal və Serena Uilyams Olimpiadada iştirak edib-etməyəcəklərini hələ müəyyənləşdirə bilmədiklərini söyləyiblər.