Dünyanın məşhur “Laureus World Sports Awards” təşkilatı ilin laureatlarını açıqlayıb.
Ötən il “Rolan Qarros” turnirinin 13-cü dəfə qazanan ispaniyalı tennisçi Rafael Nadal ilin ən yaxşı kişi, “US Open”in qalibi olan yaponiyalı raketka ustası Naomi Osaka ən yaxşı qadın idmançısı seçilib. Futbol üzrə Çempionlar Liqasının qalibi olan “Bavariya” isə ilin komandası mükafatını qazanıb. İdman tarixinin rekord müqaviləsinə imza atan Amerika futbolu oyunçusu Patrik Maxomus ilin yüksəlişi mükafatına sahib çıxıbsa, ilin qayıdışı mükafatına snoubordçu Maksans Parro layiq görülüb. İdmanda xidmətlərinə görə mükafatına tennis əfsanəsi Billi Cin Kinq yiyələnibsə, “Formula 1” üzrə 7 qat dünya çempionu Lüis Hemilton idmançıların hüququnu müdafiə etdiyinə görə ayrıca mükafata sahib çıxıb. “Liverpul”un misirli futbolçusu Məhəmməd Salah isə idmançıların ilham mənbəyi mükafatını qazanıb. Xatırladaq ki, təşkilat 2000-ci ildən mükafat təsis edib və hamıdan cox Rocer Federer ilin idmançısı adına layiq görülüb. Bu mükafat 5 dəfə ona təqdim edilib.