Hazırda Yaponiyada epidemioloji vəziyyət ürəkaçan olmasa da, Tokio – 2020-nin Təşkilat Komitəsi yarışı yüksək səviyyədə keçirəcəklərinə əmindir. Yaponiya hökuməti müəyyən məhdudiyyətlər tətbiq etsə də, idmançılara bəzi güzəştləri oluna bilər. Yerli mətbuatının məlumatına görə, əcnəbi atletlər Tokioya gəldikdən sonra karantinə alınmayacaqlar. Buna baxmayaraq, onlar Yaponiya gəlməmişdən 96 saat ərzində 2 dəfə koronavirus testindən keçməlidir. İştirakçılar Tokio Hava Limanına eniş etdikdən sonra da COVİD-19 testi verəcək.  Bu qayda idmançıları müşaiyət edən məşqçi və nümayəndə heyətinə də  şamil olunacaq.

Azarkeşlərin arenalara buraxılması ilə bağlı məsələ də Təşkilat Komitəsini narahat edir. Xarici vətəndaşların oyunları izləmək imkanından məhrum olması dəqiqləşsə də, yerli sakinlərlə bağlı məsələ hələ də həllini tapmayıb. Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsinin rəsmisi Tamae Marukava bu haqda qərarın iyun ayında veriləcəyini bildirib. Xatırladaq ki, Tokio Olimpiadası iyulun 23-dən avqustun 8-ə kimi keçiriləcək.