Bu gün Azərbaycan kuboku tunirində yarımfinal mərhələsinə yekun vurulacaq. İlk oyunda “Sumqayıt”la qolsuz heç-heçə edən “Qarabağ” bu dəfə rəqibini doğma meydanda qəbul edəcək. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmaya maraq böyükdür. “Gənclik  şəhəri təmsilçisi” meydana optimal heyətlə çıxacaq. Lakin, Ağdam komandası haqqında eyni sözləri deyə bilmərik. "Qarabağ"ın futbolçuları Filip Ozobiç və Şahruddin Məhəmmədəliyev matçı zədə səbəbindən buraxacaqlar. Qapıçı Məhəmmədəliyev qarşılaşmanın "23-lüy"ündə olacaq, amma meydana çıxmayacaq. Ağdam təmsilçisində yüngül zədələri olan Patrik Andrade və Bədavi Hüseynovun görüşdə iştirakı sual altındadır.  Oyun saat 17:00-da başlanacaq.

Digər oyunda isə “Zirə” “Keşlə”ni qəbul edəcək. Səfərdə 2:1 hesablı qələbə qazanan Rəşad Sadıqovun komandası üstünlüyünü qorumaq niyyətindədir. "Zirə"nin iki futbolçusu "Keşlə"yə qarşı oynamayacaq. Ruslan Qurbanov ötən həftə koronavirusa yoluxduğundan, Riçard Almeyda isə cəzalı olduğuna görə komandasına kömək edə bilməyəcək. "Keşlə"də isə legionerlər - Miyusko Boyoviç və Yevgeni Koçuk zədə səbəbindən meydana çıxmayacaq.  Qarşılaşma saat 20:00-da başlanacaq.