Koronavirus pandemiyasına görə tennisçilər artıq bir ildən artıqdır ki, cəmiyyətdən təcrid olunmuş vəziyyətdə mübarizə aparırlar. Əslində bu bütün idman növlərində belədir. Amma tennisçilərin üzləşdiyi vəziyyət hələ də mətbuatın gündəm mövzusudur. Bununla yanaşı, raketka ustaları tez-tez düşdükləri vəziyyətdən şikayətlənir. “Böyük dəbilqə” seriyalı turnirlərin üçqat qalibi Endi Marrey vəziyyətdən çıxış yolu kimi tennisçiləri vaksinasiyadan keçməyə səsləyib: “Turnirlərdə çıxış edərkən qapalı şəraitdə yaşamaq heç kimə xoş deyil. Məsələn, mən Mayamidəki turnirdə iştirak edərkən otelin pəncərəsindən ətrafı izləyəndə insanların küçələrdə qaynadığını gördüm. Amma biz həmin vaxt otaqda tək qalmağa məcbur idik. Bu oyunçulara çox pis təsir edir. Bu günə qədər avstraliyalı tennisçilər öz ölkəsinə qayıda bilmir. Çünki vətənlərinə qayıtdıqdan sonra, iki həftə məşq etmədən karantinə alınacaq. Belə vəziyyətdən çıxmaq üçün tennisçilər peyvənd olunmalıdır. Əks halda normal həyata qayıda bilməyəcəyik”.
Yeri gəlmişkən, Marreyin vətəni Böyük Britaniyada keçirilən nüfuzlu “Uimbldon” turnirində pandemiya ilə əlaqədar müəyyən dəyişiklər həyata keçiriləcək. Ötən il koronavirusa görə bu turnir ləğv olunmuşdusa, bu dəfə təşkilatçılar müəyyən məhdudiyyətlər çərçivəsində yarışı təşkil edəcək. Dəyişikliklərdən biri də yarışda ənənəvi birgünlük istirahət günün ləğvidir. Bununla yanaşı, arenalara yalnız 25 faizə qədər azarkeş buraxılacaq. Üstəlik, təşkilatçılar sıxlığı azaltmaq üçün əlavə kortların inşasına başlayıb.