MXL oyunçuları gələn il Pekində keçiriləcək Qış Olimpiadasından kənarda qala bilər.

Bu barədə Amerika mətbuatı məlumat yayıb. Əslində bu yeni yaranan problem deyil. 2018-ci ildə Pxençxan Olimpiadasından əvvəl də MXL rəhbərliyi isə Beynəlxalq Olimpiya Komitəsi razılığa gələ bilməmişdi. Liqa rəhbərliyi BOK-dan külli miqdarda sığorta haqqı tələb etmiş və istəyinə nail ola bilməyincə, xokkeyçilərinin Olimpiadaya yollanmasına qadağa qoymuşdu. Adətən tərəflər razılığa gələndə MXL rəhbərliyi Olimpiada zamanı liqanın oyunlarına fasilə verir. Məsələ ondadır ki, hazırda da vəziyyət yaxşılığa doğru dəyişmir. MXL may ayının sonlarına qədər Beynəlxalq Olimpiya Komitəsindən cavab gözləyir. Liqa növbəti mövsüm üçün təqvimi isə iyun ayında tərtib etmək istəyir. Həmin tarixə qədər isə Beynəlxalq Olimpiya Komitəsi MXL-ə cavab vermək fikrində deyil. Çünki hazırda qurum əsas diqqətini Tokio Olimpiadasına yönəldib.

Xatırladaq ki, Pekindəki Qış Olimpiya Oyunları gələn il fevralın 4-dən 20-nə qədər keçiriləcək.