Polşanın paytaxtı Varşavada güləşçilərin Avropa çempionatı davam edir. Yarışın üçüncü günündə komandamız daha bir medal qazanıb. 92 kq çəki dərəcəsində çıxış edən Osman Nurməhəmmədov bürünc medal uğrunda görüşdə ukraynalı Andril Vlasovla qüvvəsini sınayıb. Rəqibinə 5:0 hesabı ilə qalib gələn Nurməhəmmədov Avropa çempionatının üçüncüsü olub.

Qadın güləşi millimizin lideri Mariya Stadnik il yarımlıq fasilədən sonra güləş xalçasına inamlı qələbə ilə qayıdıb. Təcrübəli güləşçimiz Rusiya idmançısına heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb. Bu mərhələdə ukraynalı rəqibini məğlub edən Stadnik finala yüksəlib. O, həlledici görüşdə bolqarıstan idmançısı ilə qarşılaşacaq. Elis Manolova ilk görüşdə İsveç güləşçisi üzərində inamlı qələbə qazanıb. Ancaq daha sonra türkiyəli rəqibinə məğlub olub. Səbirə Əliyeva isə startda Estoniya güləşçisinə uduzub. Rəqib finala yüksəldiyi üçün millimizin üzvü təsəlliverici görüşə çıxacaq.