Mayın 21-i Latviyada start götürəcək xokkey üzrə dünya çempionatında Milli Xokkey Liqasında mübarizə aparan oyunçular da iştirak edə biləcək. Bu barədə MXL-in vitse-prezidenti Bill Deyli məlumat verib. Əslində, bu yarışda çıxış edən oyunçular üçün dünya çempionatına qatılmaq problem deyil idi. Sadəcə, koronavirus pandemiyasına görə xokkeyçilərin okeanın o tayından Avropaya gəlib-gəlməyəcəyi sual doğururdu. Çünki  indiki şəraitdə MXL-də çıxış edən klublar Amerika Birləşmiş Ştatları və Kanada şəhərlərinə rahatlıqla səyahət edə bilmir. Hətta Amerikaya gələ bilməyən Kanada komandaları yalnız öz aralarında oyunlar keçirirlər.  Bir məqamı da vurğulayaq ki, hələ pandemiyadan əvvəl, yəni 2018-ci ildə Milli Xokkey Liqası rəhbərliyi oyunçuların Qış Olimpiadasında iştirakına qadağa qoymuşdu. Mövsüm isə öz axarında davam etmişdi. Elə Latviyada keçiriləcək dünya çempionatında da Milli Xokkey Liqası görüşlərinə fasilə verilməyəcək. Sadəcə həmin vaxt pley-offa vəsiqə qazanmayan komandaların oyunçuları dünya çempionatına yollanacaq. Xatırladaq ki, ötən il mundial pandemiyaya görə keçirilməmişdi.
Bu gün Azərbaycan Kuboku uğrunda yarışın yarımfinal mərhələsinə start veriləcək. Əvvəlcə ASK Arenada “Keşlə” “Zirə”ni qəbul edəcək. Sənan Qurbanovun kollektivində zədəlilərin olması komandanın işlərini bir qədər çətinləşdirir. Belə ki, Stanislav Namaşko, Miodraq Boyoviç və Elvin Yunuszadə matçı buraxmalı olacaqlar. Con Kamara və Tərlan Quliyev isə sağalıb. Onların “Zirə” ilə matçda meydana çıxacağı gözlənilir. Saat 18:30-da başlanacaq “Keşlə” – “Zirə” matçında Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadası ədaləti qoruyacaq.
Yarımfinalın digər qarşılaşması isə Sumqayıtda olacaq. Şəhərin eyni adlı komandası “Kapital Bank” Arenada Premyer Liqanın lideri “Qarabağ”la üz-üzə gələcək. Komandalar indiyə qədər müvafiq yarışda 4 dəfə qarşılaşıblar. Görüşlərin üçündə Ağdam klubu, birində isə “Gənclik şəhəri” təmsilçisi növbəti mərhələyə adlayıb. Keçirilən 7 oyunun altısı “köhlən atlar”ın, biri isə Sumqayıt təmsilçisinin qələbəsi ilə başa çatıb. Topların nisbətində də Ağdam futbolçuları öndədir. Qurban Qurbanovun komandasının “Sumqayıt”ın qapısından keçirdiyi 22 topa, Sumqayıtlılar cəmi 6 dəfə cavab verib. Bu matç isə 20:30-da başlanacaq. Qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.