Bu gün Azərbaycan Kuboku uğrunda yarışın yarımfinal mərhələsinə start veriləcək. Əvvəlcə ASK Arenada “Keşlə” “Zirə”ni qəbul edəcək. Sənan Qurbanovun kollektivində zədəlilərin olması komandanın işlərini bir qədər çətinləşdirir. Belə ki, Stanislav Namaşko, Miodraq Boyoviç və Elvin Yunuszadə matçı buraxmalı olacaqlar. Con Kamara və Tərlan Quliyev isə sağalıb. Onların “Zirə” ilə matçda meydana çıxacağı gözlənilir. Saat 18:30-da başlanacaq “Keşlə” – “Zirə” matçında Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadası ədaləti qoruyacaq.
Yarımfinalın digər qarşılaşması isə Sumqayıtda olacaq. Şəhərin eyni adlı komandası “Kapital Bank” Arenada Premyer Liqanın lideri “Qarabağ”la üz-üzə gələcək. Komandalar indiyə qədər müvafiq yarışda 4 dəfə qarşılaşıblar. Görüşlərin üçündə Ağdam klubu, birində isə “Gənclik şəhəri” təmsilçisi növbəti mərhələyə adlayıb. Keçirilən 7 oyunun altısı “köhlən atlar”ın, biri isə Sumqayıt təmsilçisinin qələbəsi ilə başa çatıb. Topların nisbətində də Ağdam futbolçuları öndədir. Qurban Qurbanovun komandasının “Sumqayıt”ın qapısından keçirdiyi 22 topa, Sumqayıtlılar cəmi 6 dəfə cavab verib. Bu matç isə 20:30-da başlanacaq. Qarşılaşmanı Rəşad Əhmədov idarə edəcək.