Formula 1 üzrə Emilya-Romanyi Qran-prisi başa çatıb.

İmoladakı yarış Bəhreyn Qran-prisinə bənzəyib. Mövsümün ilk yarışında təsnifat mərhələsində Maks Ferstappen qalib gəlmişdisə, həlledici mərhələdə Lüis Hemilton uğur qazanmışdı. Bu dəfə isə təsnifat mərhələsində Lüis Hemiltonun hamını qabaqlamasına baxmayaraq, əsas yarışda Maks Ferstappen finiş xəttini birinci keçdi. “Red Bull” pilotu 63 dövrəni 2 saat 2 dəqiqə 34 saniyəyə qət edərək karyerasında 11-ci dəfə fəxri kürsünün ən üst piləsinə qalxıb. Yarış “Mersedes” pilotu Valtteri Bottasla “Uilyams”da çıxış edən Corc Rasssellin qəzası ilə də yadda qaldı. Maraqlıdır ki, startda liderliyini əldən verən və sonradan baryerə çırpılaraq 10-cu yerə qədər geriləyən Lüis Hemilton məhz bu qəzadan istifadə edərək sonda yarışı ikinci pillədə başa vura bildi. Britaniyalı pilot finişi Maks Ferstappendən 22 saniyə sonra keçdi. 3-cü yerə isə “Maklaren” pilotu Lando Norris sahib çıxdı. Yeri gəlmişkən, ilk Qran-pridə də fəxri kürsüyə yüksələ bilməyən “Ferrari” pilotları doğma İtaliyada da bunu bacara bilmədi. Amma komandanın hazırkı gücünü nəzərə alsaq, Şarl Leklerlə Karlos Saynsın müvafiq olaraq 4-5-ci yeri tutmasını qismən qənaətbəxş saymaq olar. İkiqat dünya çempionu Fernando Alonsonun 11-ci, 4 qat dünya çempionu Sebastyan Fettelin 15-ci yeri tutması da xüsusi qeyd olunmalıdır.

2 yarışdan sonra fərdi pilotların ümumi göstəricilərinə gəlincə, Lüis Hemilton 44 xalla 1-ci yerdədir. Maks Festappen ondan 1, Lando Norris isə 17 xal geri qalır. Mühəndislər Kubokuna isə 60 xalla “Mersedes” başılıq edir. “Red Bull” 53 xalla 2-ci, “Maklaren” isə 41 xalla 3-cü yerdədir.