Futzal üzrə milli komandamız Avropa çempionatının seçmə mərhələsində 5-ci görüşünü keçirib.
Yığmamız Bakıda 4:1 hesabilə qalib gəldiyi Slovakiya seçməsiylə bu dəfə səfərdə üz-üzə gəlib. Qarşılaşma komandamız üçün elə də yaxşı başlamayıb. Birinci hissəni meydan sahibləri minimal hesabla öndə başa vurublar. Fasilədən sonra futzalçılarımızım məğlubiyyətdən xilas olmaq səyi son dəqiqədə bəhrəsini verib. Beləliklə görüş 1:1 hesabilə başa çatıb. Millimizin qələbə seriyası qırılsa da, komandamız son tur ərəfəsində ən yaxın rəqibi Slovakiya yığması üçün əlçatmaz olub. Beləliklə komandamız Avropa çempionatının final mərhələsinə qrup lideri kimi birbaşa vəsiqə əldə edib.
Görüşdən sonra millimizin baş məşqçisi Joze Alesio: "Bura gələndə bilirdik ki, oyun çətin olacaq. Çünki rəqibimiz ancaq qələbə qazanmaq üçün mübarizə aparacaqdı. Bizim isə 4 əsas oyunçumuz bu görüşdə iştirak etmirdi. Ona görə də, taktiki planda dəyişikliklər etdik, müdafiədə oynadıq. Meydandakı nizam-intizam da çox vacib idi. Fikrimcə, yaxşı nəticə qazandıq. 1 xal sayəsində qrup liderliyini təmin etdik”