Misirin paytaxtı Qahirədə keçirilən qılıncoynatma üzrə yeniyetmə və gənclərin dünya birinciliyində ikinci yarış gününə yekun vurulub.

Sablya üzrə milli komandamızın üzvü Zərifə Hüseynova ilk dəfə qatıldığı dünya birinciliyində yeniyetmələr arasında bürünc medal qazanıb. Qrup mərhələsini 4 qələbə ilə başa vuran Zərifə 1/16 finalda Misir, ardınca Özbəkistan idmançısını məğlub edib. Yarımfinal uğrunda görüşdə koreyalı qılıncoynadan üzərində 15:6 hesablı inamlı qələbə qazanan Zərifə dünyanın ən güclü 4 yeniyetmə sablyaçı sırasına yüksəlməklə turnirin bürünc medalını təmin edib. Millimizin üzvü finalın bir addımlığında dünya birinciliyinin qalibi, amerikalı rəqibinə uduzub. Bu, Azərbaycanın qılıncoynatma tarixində yeniyetmələrin dünya birinciliyində qazanılan ilk medaldır. Xatırladaq ki, daha öncə şpaqaçımız Ruslan Həsənov 2019-cu ildə Polşada keçirilən gənclərin dünya birinciliyində bürünc medal qazanıb.