Ölkəmizdə eksklüziv yayım hüququ “İdman TV”yə məxsus olan Formula 1-də yeni mövsüm start götürüb.

Sahir trassında keçirilən ilk yarışda 7 qat dünya çempionu Lüis Hemilton qalib gəlib. “Mersedes” pilotu yarışa ikinci sıradan başlasa da, sona doğru dramatik mübarizə şəraitində “Red Bull”da çıxış edən Maks Ferstappeni arxada qoyub. Yarış boyunca 2 pit-stopdan istifadə edən britaniyalı pilot finiş xəttini 1 saat 32 dəqiqə 3 saniyəyə keçib. Ferstappen isə ondan 0,7 saniyə geridə qalıb. İlk 3-lüyü Hemiltonun  komanda yoldaşı Valtteri Bottas  tamamlayıb. Yarışı “Maklaren” pilotları  Norrislə  Rikkardo da yüksək səviyyədə keçirib. Lando 4-cü, Daniel isə 7-ci olub. Ötən mövsüm son illərin ən zəif çıxışı ilə yadda qalan “Ferrari” pilotları yenə də ümidləri tam doğrulda bilməyib. Şarl Lekler yarışı 6-cı, onun “Ferrari”də debüt edən komanda yoldaşı Karlos Sayns 8-ci sırada tamamlayıb. “Ferrari”dən söz düşmüşkən, fasilə dövründə bu komandanı tərk edib “Aston Martin”ə keçən 4 qat dünya çempionu Sebastyan Fettel 15-ci yeri tutub. Yenidən Formula 1-ə qayıdaraq “Alpin”lə müqavilə imzalayan Fernando Alonso isə yarışı başa çatdıra bilməyib. Mixael Şumaxerin Formula 1-də debüt edən oğlu Mik Şumaxer yarışı tamamlayan pilotlar arasında sonuncu nəticə göstərib. O, Bəhreyndəki yarışı 16-cı pillədə başa vurub.