Dünya çempionatının seçmə mərhələsinin D qrupunda ilk matçı heç-heçəylə başa vuran Fransa komandası Qazaxıstan səfərində qələbə qazanıb. Didye Deşamın komandası matçın taleyini ilk hissədə həll edib. 19-cu dəqiqədə Usman Dembele  ilk qolun müəllifi olub. Hissənin sonuna yaxın Sergey Malıy avtoqolla diqqət mərkəzinə düşüb. Fasilədən sonra Kilian Mbappe penalti yerinə yetirmək hüququ qazansa da, gənc ulduz bu fürsətdən yararlana bilməyib. Beləliklə dünya çempionları Qazaxıstan seçməsini 2:0 hesabilə məğlub ediblər.

D qrupunda Ukrayna – Finlandiya oyununda isə əksinə, bütün maraqlı hadisələr sona yaxın baş verib. Vaxtın yekunlaşmasına 10 dəqiqə qalmış Junior Moraes meydan sahiblərini irəli keçirsə də, komanda üstünlüyünü qoruya bilməyib. 88-ci dəqiqədə Vitali Mikolenko qırmızı vərəqəylə cəzalanıb. Üstəlik Ukrayna futbolçularının qapısına 11 metrlik zərbə təyin edilib. Teemu Pukki fürsəti qaçırmayıb: Ukrayna  - Finlandiya 1:1.

Fransa komandası 4 xalla D qrupunun lideridir. Finlandiya və Ukrayna seçmələri 2 xalla 2-ci, 3-cü yerləri bölüşürlər. Bosniya və Herseqovina millisi 1 xalla 4-cü, hələ ki, xal qazana bilməyən Qazaxıstan komandası sonuncu – 5-ci pillədədir.