Azərbaycan və Serbiya yığmaları arasında keçiriləcək futbol üzrə 2022-ci il dünya çempionatının seçmə oyununun hakimləri açıqlanıb.

Görüş israilli hakimlər briqadasına həvalə olunub. Baş hakim Roy Raynşrayber olacaq. 41 yaşlı referi Azərbaycan millisinin oyununu ilk dəfə idarə edəcək. O, sonuncu dəfə 2018/2019 mövsümündə "Qarabağ"ın Ukrayna "Vorskla"sı ilə keçirdiyi Avropa Liqasının qrup oyununda ədalət təmsilçisi olub.  Daha əvvəl isə israilli referi 2017/2018 mövsümündə "Qarabağ"ın Moldovada "Şerif"i 2:1 hesabı ilə udduğu Çempionlar Liqasının III təsnifat, 2015/2016 mövsümündə "Qəbələ"nin Gürcüstanın paytaxtı Tbilisidə "Dinamo"ya eyni hesabla uduzduğu Avropa Liqasının I təsnifat oyunlarında iş başında olub. Qeyd edək ki, martın 30-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma saat 20:00-da başlanacaq.