Stokholmun “Eriksson Qlob” arenasında fiqurlu konkisürmə üzrə 110-cu dünya çempionatı davam edir. Çempionatın ikinci günündə cütlük və kişilər arasında fərdi yarış keçirilib. Kişilər arasında fərdi yarışda ölkəmizi təmsil edən Vladimir Litvintsev inamsız təsir bağışlayıb. O, 68,43 xal toplamaqla 33 idmançı arasında 27-ci yeri tutaraq final mərhələsinə vəsiqə qazana bilməyib. Həlledici mərhələyə gəlincə, burada Yaponiya fiqurlu konkisürənləri uğurlu çıxış edib. İkiqat dünya və olimpiya çempionu Yudzuru Hanyu 106,98 xal toplayaraq rəqiblərini qabaqlayıb. Ötən il Gənclər arasında Olimpiadanın qalibi olan onun 17 yaşlı həmyerlisi Yuma Kaqiyama 100,96 xalla 2-ci yeri tutub. Münsiflərdən 98,85 xal alan son dünya çempionu Natan Çen 3-cü yerlə kifayətlənib.
Cütlük yarışlarında da final mərhələsi yekunlaşıb. Təsnifat mərhələsində 3-cü yeri tutan gənclər arasında son dünya çempionları Anastasiya Mişina – Aleksandr Qalyamov cütlüyü 227,59 xal toplayaraq fəxri kürsünün ən üst pilləsinə qalxıb. Xatırladaq ki, Rusiya sonuncu dəfə 2013-cü ildə cüt yarışlarında qızıl medal qazanmışdı. Təsnifat məhələsində 2-ci olan çinli ikiqat dünya çempionları Vantzin Suy – Tsun Xan cütlüyü həlledici yarışı da eyni pillədə başa vuraraq 225,71 xalla gümüş medal qazanıb.Təsnifat mərhələsinin qalibi olan Aleksandra Boykova – Dmitri Kozlovski cütlüyü 217,63 xalla 3-cü yeri tutub.