Stokholmun “Eriksson Qlob” arenasında fiqurlu konkisürmə üzrə 110-cu dünya çempionatı start götürüb. Çempionatın ilk günündə cütlük və qadınlar arasında fərdi yarış keçirilib. Hər iki yarışda neytral bayraq altında mübarizə aparan rusiyalı idmançılar uğur qazanıb. Qadınlar arasında qısa proqramda fərdi yarışda Anna Şerbakova uğurlu çıxış edib. Son Avropa çempionatında gümüş medal qazanan 16 yaşlı rusiyalı idmançı buz üstündə qüsursuz hərəkətləri ilə 81,00 xal toplayaraq gecəni lider kimi başa vurub. 79,08 xal toplayan 18 yaşlı yaponiyalı Rika Kaxira 2-ci yeri tutubsa, 2015-ci ildə dünya və Avropa çempionu olan rusiyalı Yekaterina Tuktamışeva 78,86 xalla 3-cü olub. Ölkəmizi bu yarışda təmsil edən Yekaterina Ryabova 64,11 xalla 13-cü yeri tutaraq sabah keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.
Cüt yarışlarda da ruslar uğurla çıxış edib. Ötən il Avstriyanın Qrats şəhərində Avropa çempionu olan Aleksandra Boykova-Dmitri Kozlovski cütlüyü 80,16 xallıq göstərici ilə gecənin ən yaxşı göstəricisinə imza atıb. Çini təmsil edən ikiqat dünya çempionları Vantzin Suy – Tsun Xan tandemi 77,62 xalla final mərhələsinə ikinci yerlə adlaybsa, 3-lüyü 75,79 xalla rusiyalı gənclər arasında son dünya çempionları Anastasiya Mişina – Aleksandr Qalyamov cütlüyü tamamlayıb.