Koronavirus pandemiyasına görə bəzi tennis turnirlərinin ləğvi və ya mükafat fondunun azaldılması raketka ustalarını çıxılmaz vəziyyətə salıb. Doğrudur, təşkilatçılar mümkün qədər yarışların keçirilməsi üçün əlindən gələni edir. Amma bu problem həll edildiyi məqamda raketka ustalarının maraqları kənarda qalır. Bəzi tennisçilər yaranan böhrana görə ATP və WTA rəhbərliyini qınayır. Bu qurumlar tennisçilərə müəyyən miqdarda maddi yardım göstərsə də, onlardan narazı olanların sayı yetərincədir. Bu mənada ATP reytinqində 7-ci pillənin sahibi Aleksandr Zverevi xüsusi fərqləndirə bilərik. Bir müddət əvvəl Novak Cokoviç ATP-ni kəskin tənqid atəşinə tuturdusa, indi də məcazi mənada estafeti Aleksandr Zverev daşımaq fikrindədir. Almaniyalı raketka ustası tennisçilərin müflisləşməsinə görə ATP-ni qınayıb:  “ATP hazırda turnirlərin keçirilməsi üçün əlindən gələni edir və yalnız bu tərəfi fikirləşir. Onları ancaq turnirləri təşkil etmək üçün maliyyə dayağı maraqlandırır. Oyunçuların fikirlərini veclərinə almırlar. İndiki məqamda ATP tennisçilərə kömək etməlidir. Bunu isə görmürük. Məsələn, biz belə təklif irəli sürmüşdük ki, belə çətin vəziyyətlərdə tennisçilər ayrı-ayrı məkanları gəzənə qədər bir neçə turniri yalnız bir məkanda keçirək. Bizim təklifimizə əhəmiyyət vermədilər. Mayamidə koronavirusla bağlı vəziyyət faciəvi həddə deyil. Şəhərdə məhdudiyyət demək olar ki, yoxdur. Amma bizi bu turnirdə cəmiyyətdən təcrid edəcəklər. Belə hallar tennisçiləri psixoloji cəhətdən sıxır. Məsələn Rotterdamdakı turnirdə biz ancaq oteli və kortu gördük”.
Yeri gəlmişkən, bir neçə gün əvvəl Zverev ATP-ni Federerin 1 illik istirahət müddətində reytinq nəticələrini dondurduğuna görə qınamışdı. O, bir il ərzində oynamasına baxmayaraq, Federeri reytinqdə üstələyə bilməməsini anlaya bilmədiyini söyləmişdi.