Ötən il koronavirus pandemiyasına görə “Rolan Qarros” və US Open turnirləri müəyyən məhdudiyyətlər qarşılığında keçirilsə də, “Uimbldon” rəhbərliyi risk etməmək qərarına gəlmişdi. Beləliklə də II Dünya müharibəsindən sonra tarixdə ilk dəfə olaraq Böyük Britaniyanın paytaxtı Londonda keçirilən “Böyük Dəbilqə” yarışı təşkil olunmamışdı. Amma bu il tennis həvəskarları “Uimbldon”a həsrət qalmayacaq. Buna baxmayaraq, pandemiya qaydalarına əsasən müəyyən məhdudiyyətlər tətbiq olunacaq...
“Böyük Dəbilə” seriyalı turnirlərdən olan “Uimbldon” bu il müəyyən şərtlər daxilində keçiriləcək. Böyük Britaniya mətbuatının məlumatına görə, Londonda keçiriləcək nüfuzlu turnirdə iştirak etmək üçün tennisçilər müəyyən qaydalara əməl etməlidir. Doğrudur, Avstraliya Açıq tennis turnirindən fərqli olaraq “Uimbldon”da iştirak edəcək raketka ustalarının 2 həfrəlik karantində qalacaqları ilə bağlı hələ ki qərar qəbul edilməyib. Amma tennisçilər şəxsi evlərdə yox, təşkilatçıların onlar üçün ayırdığı otellərdə məskunlaşmalıdır. Hər şey həmin ərəfədə Böyük Britaniyada epidemioloji vəziyyətdən asılı olacaq. Yayılan xəbərlərə görə, Birləşmiş Krallıq koronavirusa görə sərt karantin qaydaları tətbiq etməkdə maraqlı deyil. Ancaq buna baxmayaraq, “Uimbldon” turniri ənənəvi qaydada təşkil edilməyəcək. Yarış zamanı arenalara mümkün qədər az azarkeşin buraxılması planlaşdırırılır. Bununla yanaşı, biletlər kassalarda satılmayacaq. Məhdud sayda biletləri almaq istəyən azarkeşlər qeydiyyata alınacaq və onlar püşkatma nəticəsində yarışları arenadan izləyə biləcək.Xatırladaq ki, bu il “Uimbldon” turniri iyunun 28-də start götürəcək, iyulun 11-də isə başa çatacaq. Ötən mövsüm koronavirus pandemiyasına görə turnir keçirilməmişdi.