Formula 1-də yeni mövsüm öncəsi keçirilən ənənəvi test yarışları başa çatıb.
İlk gündə finiş xəttini birinci keçən Maks Ferstappen Bəhreyndəki son sınaq xarakterli yürüşdə də rəqiblərini qabaqlayıb. Niderlandlı pilot Bəhreynin “Sahir” trassında keçirilən yarışda 64 dövrəni 1 saat 28 dəqiqəyə tamamlayıb. İkinci pilləni isə bu mövsüm Formula 1-də debüt edəcək “Alfa Tauri”nin yaponiyalı piloti Yuki Tsunoda tutub. Test yarışlarının ilk iki günündə uğursuz nəticəylə yadda qalan “Ferrari” də bu dəfə avtoidman həvəskarlarını təəccübləndirə bilib. Bu komandanın heyətində debüt mövsümünü keçirəcək Karlos Sayns yarışı 3-cü sırada başa vurub. Cümə və şənbə günləri yüskək nəticələr əldə edə bilməyən son dünya çempionu Lüis Hemilton bu dəfə heç də pis təsir bağışlamayıb. “Mersedes”in britaniyalı pilotu liderdən 1 dəqiqə geri qalaraq finiş xəttini 5-ci sırada başa vurub. “Ferrari”də keçirdiyi illərdə uğursuzluqla yadda qalan Sebastyan Fettel isə deyəsən “Aston Martin”də də eyni aqibətlə üzləşəcək. Hər halda, Bəhreyndəki test yarışları belə düşünməyə əsas verir. İlk iki gündə bolidində problemlər yaşayan 4 qat dünya çempionu bazar günü yarışı 17-ci pillədə başa vurub. Xatırladaq ki, Formula 1-də yeni mövsüm martın 27-də elə Bəhreyndə start götürəcək. Həmin gün komandalar təsnifat mərhələsində qüvvəsini sınayacaq. Növbəti gün isə final mərhələsi keçiriləcək.