Formula 1-də yeni mövsüm öncəsi test yarışlarının ikinci günü geridə qalıb.

İlk gündə “Red Bull” pilotu Maks Ferstappen uğur qazanmışdısa, bu dəfə “Mersedes” pilotu Valtteri Bottas yüksək nəticə göstərib. Finlandiyalı pilot 53 dövrəni 1 saat 30 dəqiqəqəyə tamamlayıb. “Alfa Tauri” pilotu Pyer Qasli finiş xəttini ikinci keçibsə, “Aston Martin”dən Lens Stroll 3-cü olub. Yarışın gedişində “Red Bull” pilotu Serxio Peres xoşagəlməz vəziyyətlə üzləşib. Onun idarə etdiyi bolidin mühərrikinin bir hissəsi qopduğuna görə yarış qırmızı bayraqlarla bir müddət dayandırılıb. Buna baxmayaraq Avstriya komandasının pilotu yarışı 8-ci pillədə başa vurub. İlk gündə heç də xoş təsir bağışlamayan “Aston Martin” pilotu Sebastyan Fettel yenə də uğurlu çıxış etməyib. Bolidinin ötürücü qutusunda problemlə üzləşən 4 qat dünya çempionu yarışı sonuncu yerdə başa vurub. Son dünya çempionu Lüis Hemilton da hələ ki yüksək nəticəylə yadda qalmayıb. Liderdən 3 dəqiqə geri qalan “Mersedes” pilotu yarışı 15-ci sırada başa vurub. Yeri gəlmişkən, britaniyalı pilot mətbuata açıqlamasında sınaqlarda yaxşı nəticə göstərə bilməməsinə görə narahat olmadığını söyləyib. Lüis hazırda “Mersedes” kimi digər komandaların da üzərində işlədiyini və hamının komplektləşməyə ehtiyacı olduğunu bildirib.