Almaniyada xizəkçilərin dünya çempionatı başa çatıb.
Yarışın son günündə azarkeşlər kişilərın kütləvi –start yarışını izləyib. Yekun turnir dramatikliyi ilə yadda qalıb. Norveç xizəkçisi Yohannes Hösflot Klebo 50 km məsafəni 2 saat 10 dəqiqə 52 saniyəyə qət edərək finiş xəttini birinci keçsə də, onun nəticəsi ləğv edilib. Buna səbəb Klebonun yarışın sonlarına yaxın irəlidə gedən rusiyalı xizəkçi Aleksandr Bolşunova toxunması olub. Təmas nəticəsində Aleksandrın xizək çubuğu sınıb və o geriyə düşərək finiş xəttini 3-cü keçib. Beləliklə də yarışı ikinci yerdə başa vuran norveçli Emil İversen qalib elan edilib. Bolşunov ikinci yerə çıxıb. Norveçli Simon Heqstad Krüger isə bürünc medal qazanıb.
Beləliklə Norveç millisi 13 qızıl medalla çempionatı komanda hesabında lider kimi başa vurub. Maraqlıdır ki, 2 il əvvəl Avstriyada keçirilən dünya çempionatında da norveçlilər 13 çempionluqla qalib olmuşdu. Avstriya xizəkçiləri 4 dəfə fəxri kürsünün ən üst pilləsinə qalxaraq 2-ci olublar.