Futzal millimiz Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
3-cü qrupda mübarizə aparan Joze Alesionun başçılıq etdiyi kollektiv Bakı İdman Sarayında Moldova yığması ilə qarşılaşıb. Görüşdə hesabı 7-ci dəqiqədə Fineo De Araujo açıb. 14-cü dəqiqədə Rizvan Fərzəliyev 2-ci topu qonaqların qapısından keçirib. Cəmi 1 dəqiqə sonra Hadi Ahmadi fərqi daha da artırıb. İlk hissə bu hesabla başa çatıb. İkinci yarıya fəal başlayan moldovalılar 26-cı dəqiqədə Sergey Takotun qolu ilə buraxılan toplardan birinin əvəzini çıxıblar. Amma rəqibin sevinci cəmi 1 dəqiqə çəkib. Tyaqo Bolinya 27-ci dəqiqədə 4-cü dəfə qonaqları cəzalandırıb. Görüşdə son nöqtəni isə 40-cı dəqiqədə Bolinya qoyub. Qrupdakı 3-cü oyununda da qələbə qazanan Azərbaycan millisi xallarını 9-a çatdıraraq liderliyini möhkəmlədib. Moldova isə 4 xalla 3-cü pilləyə enib. Slovakiyalılar 2-ci pilləyə yüksəliblər. Xalsız qalan Yunanıstan kollektivi isə autsayderdir.