Həbib Nurməhəmmədovun gedişindən sonra oktaqonda liderliyi əlinə almaq istəyən Konor Makqreqor arzusuna çata bilmir. Ötən ay gözlənillmədən Dastin Puaryeyə məğlubiyyət irlandiyalı UFC döyüşçüsünün nüfuzuna zərbə endirdi. Görünən odur ki, Konor bununla barışmaq istəmir.
Ötən ay Birləşmiş Ərəb Əmirliklərində keçirilən döyüşdə Dastin Puaryeyə məğlub olan Konor Makqreqor bu rəqibi ilə növbəti dəfə qarşılaşa bilər. Bu barədə UFC rəhbəri Deyna Uayt məlumat verib. Onun sözlərinə görə tərəflər artıq yay aylarında üz-üzə gələcək. Məsələ ondadır ki, hər iki döyüşçü növbəti dəfə oktaqonda qarşılaşmağa razılıq verib. Əslində, bu görüşün keçirlməsinə əsas səbəb tərəflər arasında ümumi hesabın bərabər olmasındadır. Belə ki, 2014-cü ildə keçirilən döyüşdə Konor Makqreqor Dastin Puaryeni nokautla məğlub etmişdi. Bu ilin əvvəlində isə amerikalı irlandiyalını eyni ssenari ilə üstələdi. Xatırladaq ki, UFC-nin çəki kateqoriyasına görə reytinq cədvəlində Puarye 1-ci, Makqreqor isə 6-cı pillədə qərarlaşıb.