Sloveniyanın Poklyuka məntəqəsində  biatlon üzrə dünya çempionatı start götürüb. İlk oyun günündə qarışıq estafet yarışı keçirilib. Gözlənildiyi kimi, Norveç millisi ilk yarışın qalibi olub.

Sloveniyanın Poklyuka  məntəqəsində biatlon üzrə dünya çempionatına start verilib.  55-ci  dünya çempionatı Rusiyanın Tümen vilayətində keçirilməli olsa da, bu ölkənin WADA-nın tələbi ilə mötəbər yarışlardan kənarlaşdırılması nəticəsində təşkilatçılıq hüququna Sloveniya sahib çıxdı.  Rusiyadan söz düşmüşkən, şimal qonşularımız mundialda iştirak etsə də, onlara yalnız neytral bayraq altında çıxış etməyə icazə verilib. Elə ilk yarış günü də rusiyalılar üçün uğursuz olub. Çempionatın ilk günüdə keçirilən qarışıq estafet yarışında  rusiyalı biatlonçular 9-cu nəticə göstərib. Ruslar lider  biatlonçuları Aleksandr Loqinova böyük ümidlər bəsləsə də, dünya çempionu startda üç artıq patrondan istifadə etdikdən sonra 7-ci sıradan estafeti Eduard Latıpova təhvil verib. Sona qədər bu ölkənin biatlonçuları vəziyyəti xeyrinə dəyişə bilməyib. Yarışın qalibi isə 11 əlavə patrondan istifadə edən amma bir dəfə də olsun cərimələnməyən Norveç yığması olub. Skandinaviya təmsilçisi yarışı 1:20.19,3 nəticəylə tamalayıb. Liderdən 27 saniyə geridə qalan Avstriya ikinci yeri tutubsa,  30,6 saniyə geriyə düşən İsveç seçməsi üçüncü olub.