Formula 1 avtoidman yarışları arasında ən populyarı olsa da, ralli üzrə dünya çempionatı da sürət həvəskarlarının izlədiyi ən maraqlı turnirlərdən biridir. Bu yarışın əsas özəlliyi isə ekstrimal şəraitdə keçirilməsidir. Hər il gərgin mübarizə və əlverişsiz hava şəraitində keçən yarışlarda bu il də iştirakçılar adrenalin yaşayacaq.
Ralli üzrə dünya çempionatının ikinci mərhələsinin marşrutu açıqlanıb. Finlandiyada təşkil olunacaq bu yarışda iştirakçılar qütb dairəsində mübarizə aparacaq. Fevralın 26-dan 28-dək keçiriləcək yarışa Laplandiya vilayətinin Rovaniemi şəhəri ev sahibliyi edəcək. 10 mərhələdən ibarət olacaq turnirdə iştirakçılar 251 km məsafəni qət edəcək. Bu ərazidə adətən havanın orta tempraturu -6-dan -14 dərəcəyə qədər olsa da, yarış vaxtı bu göstərici -20 dərəcədən də aşağı düşə bilər. Qütb dairəsindəki əlverişsiz hava şəraiti nəzərə alındığından iştirakçılar özləri ilə mütləq şəkildə 2 ədəd bel və qalın geyim dəsti götürməlidir. Məsələ ondadır ki, qəza vəziyyətində yarış maşını dayanacağı halda, açıq havada qalın geyinmədən gəzmək həyat üçün təhlükəlidir. Xatırladaq ki, mövsümün ilk yarışı Monte-Karloda keçirilmişdi. Hazırda çempionata 7 qat dünya çempionu Sebastyan Ojye başçılıq edir.