Rocer Federerin bu mövsüm iştirak edəcəyi ilk turnirin adına aydınlıq gəlib.
İsveçrəli raketka ustası martda keçiriləcək Doxa turniri ilə korta dönəcək. Mətbuata açıqlama verən isverçərli tennisçi planlarından danışıb: “Yenidən böyük qələbələr qazanmaq istəyirəm. Məhz bunun xatirində uzun və çətin bir yolda addımlamağa hazıram. Fikrimcə, işə başlamaq üçün münasib vaxt yetişib. Bu mövsüm ilk olaraq Doxadakı turnirdə iştirak edəcəyəm. Qətərin paytaxtındakı turnirdən sonra daha bir yarışda qüvvəmi sınamaq istəyərdim. Buna imkan əldə edə bilməsəm, formamı qaydaya salıb torpaq kortlarda keçiriləcək yarışlara qatılacağam. Daha sonra isə Qalle, “Uimbldon” və Olimpiadada iştirak edəcəyəm”
Xatırladaq ki, Federer ötən il “Australian Open”dən sonra heç bir turnirdə çıxış etmir. Mövsümün ilk “Böyük Dəbilqə” seriyalı turnirində Rocer yarımfinalda Novak Cokoviçə uduzmuşdu. Son bir ildə iki dəfə cərrahiyyə əməliyyatı olunan isveçrəli tennisçi Avstraliyadakı sərt karantin qaydalarını əsas gətirərək bu mövsüm Melburndakı yarışda iştirakdan imtina etdi.