Qış idman növlərinin yaraşığı olan biatlon üzrə Avropa çempionatı başa çatıb. Polşanın Duşniki-Zdruy şəhərində keçirilən birincilikdə bir sıra maraqlı göstəricilər qeydə alınıb.
Yanvarın 27-də Polşanın Duşnik-Zdruy şəhərində start götürən biatlon üzrə Avropa çempionatı başa çatıb. Sayca 28-ci Avropa çempionatında bir sıra gözlənilməz nəticələr qeydə alınıb. Bu mənada ən diqqət çəkən məqam Avropanın aparıcı biatlon ölkəsi olan Rusiyanın qızıl medal qazana bilməməsi olub. Ruslar sonuncu dəfə 1995-ci ildə belə uğursuzluqla üzləşib. Buna baxmayaraq şimal qonşularımız ümumilikdə 4 medal qazanıb. Bu da 7 medal qazanan Norveçdən sonra ikinci ən yaxşı göstəricidir. Komanda hesabında isə hərəyə 2 qızıl medal qazanan Latviya və Polşa biatlonçuları çempionatı zirvədə başa vurub. Maraqlıdır ki, bu iki yığma 2 qızıldan başqa digər medallara sahib çıxmayıb. Ümumilikdə Avropa birinciliyində 9 ölkənin idmançıları fəxri kürsüyə yüksələ bilib.
Daha bir maraqlı məqam kimi çempionatda 40 ölkənin biatlonçularının iştirak etməsini vurğulaya bilərik. Bu da Avropa çempionatında rekord göstəricidir. Maraqlıdır ki, bu komandalardan hamısı Avropanı təmsil etmirdi. Bu mənada Amerika Birləşmiş Ştatları, Kanada, Braziliya, Avstraliya, Yeni Zelandiya, Yaponiya, Monqolustan və Qazaxıstanı fərqləndirə bilərik. Epidemeoloji vəziyyətlə əlaqədar tarixdə ilk dəfə yarış azarkeşsiz keçirildi. Bəzi fərdi və sprint yarışlarının da yayımı təşkil edilmədi.