Avstraliya Açıq tennis turnirinin startına 11 gün qalıb. Turnirdə iştirak edəcək tennisçilər hazırda Melburn və Adelaidada sərt karantin şəraitində yarışa hazırlaşırlar. Raketka ustaları buradakı şərait barədə müxtəlif fikir səsləndirirlər.
Fevralın 8-də start götürəcək Avstraliya Açıq tennis turnirinə hazırlıq davam edir. Tennisçilər sərt karantin şəraitində turnirə hazırlaşır. Bu da bəzi raketka ustalarını narahat edir. 14 gün bağlı qapılar arxasında qalmalı olan tennisçilər gün işığına və havaya həsrət qaldıqlarından şikayətlənir. “Böyük Dəbilqə” seriyalı turnirlərin 23 qat qalibi Serena Uilyams Avstraliyadakı şərait haqda danışarkən ikili hisslər keçirdiyini söyləyib. O, sərt karanti şəraitində yaşamağın mümkünsüzlüyünü qeyd edib. Amma amerikalı raketka ustası Avstraliyada insanların artıq koronavirusa yoluxmadığını və bunun nikbinlik üçün əsas verdiyini söyləyib.
20 qat “Böyük Dəbilqə” çempionu Rafael Nadal isə tənqidçiləri anlamadığını deyib. “Bu adi vəziyyət deyil. Hər halda, Avstraliyaya gəlmişiksə, deməli tennis oynamaq istəyirik. Hazırda bütün dünya koronavirusdan əziyyət çəkir. Bizim bu şəraitə görə nədənsə şikayətlənməyə haqqımız yoxdur. Əksinə, bizə təhlükəsiz çıxış etməyə şərait yaratdığına görə Avstraliya Tennis Federasiyasına təşəkkür etməliyik” deyə Rafael Nadal bildirib.