Bu gün Kobe Brayantın helikopter qəzasında həlak olmasından bir il ötür. Yanvarın 26-da Los-Ancelesdə öz şəxsi helikopteri ilə məşqə gedən “Leykers” əfsanəsinin faciəli şəkildə ölümünü unutmaq mümkün olmayacaq.

İllər ötüb keçəcək, amma basketbol həvəskarları 2020-ci ilin yanvarın 26-ndakı dəhşətli hadisəni heç vaxt  unutmayacaq.  Los Anceles səmasında helikopter qəzası nəticəsində MBA əfsanəsi Kobe Brayant və 13 yaşlı qızı Cinanın həlak olması idman ictimaiyyətini sarsıtdı.  “Los Anceles Leykers”lə 5 dəfə MBA çempionu olan Brayantın ölümünə hələ də inanmaq olmur. Elə basketbol ictimaiyyəti də “Qara Mamba”nın yoxuluğunu dərk edə bilmir. “Leykers”də Kobi irsinin davamçısı olan Lebron Ceyms əfsanənin ildönümü ərəfəsində bunları söyləyib: “Mən hər oyunda Brayanta həsr edilmiş 24 nömrəli sarğını daşıyıram. “Staples Center”də başımızın üstündə 8 və 24 nömrəli formalar asılıb. Bu o deməkdir ki, Brayantın irsi hələ də yaşayır. Dünyada çox adam ölür, amma bu sözü əfsanələrə aid etmək olmaz. Kobi bizlərdən biridir”

Los-Ancelesin “Klippers” klubunun məşqçisi Tayron Lyu da təsirli danışıb: “Bu faciəli xəbəri eşidəndə “Aman Tanrı, bu Kobe olamsın” söylədim. Mənə elə gəlirdi ki, bu dəhşətli qəza Kobeni aramızdan apara bilməz. O, ayağa qalxıb öz yoluna davam edəcək. Çünki Brayant nə vaxt yıxılıbsa, daha sonra qalxmağı bacarıb. Brayantın ölümündən sonra mənzilimin divarlarından onun şəkillərini endirdim. Başımı qaldırıb Kobinin üzünə baxa bilmirəm”.

Yeri gəlmişkən, pandemiya ilə əlaqədar Kobinin anım günü  heç bir tədbir keçirilməyəcək. Yalnız “Leykers”in basketbolçuları Brayantın adı yazılan idman ayaqqabıları ilə meydana çıxacaqlar.