Boks həvəskarları növbəti ili səbirsizliklə gözləyir. Koronavirus pandemiyasına görə, bu il baş tutan görüşlər elə də böyük ajiotaja səbəb

olmadığından, 2021-ci ilə böyük ümidlər bəslənilir. Elə dünyanın ən güclü ağırçəkili boksçuları da planlar cızır və ümidlərlə yaşayır....

WBA, WBO, IBF və IBO versiyaları üzrə superağır çəkidə dünya çempionu Entoni Coşua növbəti il üçün planlarından danışıb. Tayson Fyuri ilə iki döyüş keçirməklə bağlı razılığa gələn britaniyalı boksçu qarşıdurmanın baş tutmayacağı halda ehtiyat planının olmasından da söz salıb: “Tayson Fyuri ilə rinqdə üz-üzə gələcəyimə böyük ümidlər bəsləyirəm. Bütün dünya bizim qarşılaşmağımızı istəyir. Mənim üçün bu döyüşün harada keçirilməsinin heç bir əhəmiyyəti yoxdur. Fyuri ilə Böyük Britaniyada, Səudiyyə Ərəbistanı, hətta Afrikada da görüşməyə hazıram. Fyuri mənimlə görüşməkdən qəfil imtina etsə, Aleksandr Usiklə döyüşmək pis olmazdı. Amma indiki məqamda məqsədim iki dəfə Fyurini məğlub etməkdir”. 

Coşuanın sahibi olduğu WBO kəmərinə yiyələnmək istəyən Aleksandr Usikin planlarına gəlncə, ukraynalı boksçusu indiki məqamda Deontey Uaylderlə qarşılaşmaq fikrindədir : “Bir çox güclü boksçularla qarşılaşmaq istərdim. Onlardan biri də Deontey Uaylderdir. İndi hamı onun Fyuriyə məğlubiyyətdən sonra səsləndirdiyi ittihamlardan danışır. Buna münasibət bildirmək istəməzdim, amma məncə Fyuri həmin gün Uaylderdən üstün idi və layiqli qələbə qazandı”. Xatırladaq ki, Deontey də bu yaxınlarda Usiklə qarşılaşmaq istədiyini söyləyib.