WADA-nın tövsiyəsi ilə Beynəlxalq İdman Arbitraj Məhkəməsinin Rusiyanı qarşıdakı iki ildə böyük turnirlərdən kənarlaşdırması bu ölkədə böyük narazılığa səbəb olub. Artıq Rusiyada qərarın ləğv olunması ilə bağlı müəyyən addımlar da atılır….

Rusiya Milli Olimpiya Komitəsi Beynəlxalq İdman Arbitraj Məhkəməsinin onların haqqında çıxartdığı qərardan narazıdır. Qurumun iddiasına görə, Rusiyanı qarşıdakı iki ildə mötəbər turnirlərdən kənarlaşdırılması ilə bağlı çıxarılan qərarda müəyyən prosedur qaydaları pozulub. Bu barədə Rusiya Olimpiya Komitəsinin prezidenti Stanislav Pozdnyakov məlumat verib. O, mətbuata açıqlamasında CAS-dan İsveçrə federal məhkəməsinə şikayət edəcəklərini bildirib: “Arbitraj məhkəməsinin haqqımızda araşdırma aparması nəticəsində müəyyən prosedur qaydaları pozulub. Biz hadisələri kənardan izləyən 3-cü tərəf kimi bunları aşkarlamışıq. Əlbəttə, həmin prosedurların nədən ibarət olduğunu indidən ictimaiyyətə açıqlamaq düzgün olmazdı. Amma onu deməliyəm ki, bayram günlərində bu istiqamətdə müəyyən addımlar atacağıq”. Xatırladaq ki, dekabrın 17-də Beynəlxalq İdman Arbitraj Məhkəməsi 2022-ci ilin dekabrın 16-na qədər Rusiyanı Olimpiada və Dünya Çempionatlarından kənarlaşdırmaqla bağlı qərar çıxarıb.