MXL yeni mövsümə hazırdır. Artıq dünyanın ən nüfuzlu xokkey çempionatının yeni reqlamenti də təsdiqlənib. Milli Xokkey Liqası yeni mövsümün təqvimini ictimaiyyətə təqdim edib.

Yanvarın 13-də start götürəcək yeni çempionatda 868 oyun keçiriləcək. Koronavirus pandemiyasına görə, komandalar bir qədər fərqli şərtlər altında mübarizə aparacaq. Komandaların səfər problemləri ilə üzləşməməsi üçün bəzi divizionlarda müəyyən güzəştlər tətbiq ediləcək. Yəni müəyyən komandalar öz divizionunda çıxış edən klublarla daha çox görüş keçirməklə oyun limitini dolduracaqlar.  Məsələn, Şərq, Mərkəzi və Qərb divizionlarında bir komanda digəri ilə mövsüm ərzində 8, Şimal divizionunda isə 9 və ya 10 dəfə qarşılaşacaq.  Müntəzəm çempionatın ilk  günündə “Filadelfiya” – “Pittsburq”,  “Tampa Bey” – “Çikaqo”, “Kolorado” – “Sent Luis”, “Toronto” – “Monreal” və “Edmonton” – “Vankuver” arasında oyunlar keçiriləcək. Yeri gəlmişkən, pley-offa isə hər diviziondan 4 komanda vəsiqə qazanacaq. Stenli Kubokunun ilk iki mərhələsində komandalar öz öz divizionundakı rəqibləri ilə münasibətlərinə aydınlıq gətirəcək.