FIFA-nın keçirdiyi sorğuda birinci olaraq dünyanın ən yaxşı futbolçusu seçilən "Bavariya"nın hücumçusu Robert Levandovski daha bir mükafat qazanıb.

Polşalı forvard İngiltərənin "The Guardian" nəşrinin versiyasına görə 2020-ci ilin ən yaxşı oyunçusu adına layiq görülüb. 32 yaşlı futbolçu "Barselona"nın üzvü Lionel Messini və "Yuventus"dan Kriştianu Ronaldunu geridə qoyub. Qeyd edək ki, qalibi ən yaxşı keçmiş futbolçular, baş məşqçilər və idman jurnalistlərindən ibarət münsiflər heyəti müəyyənləşdirib. Levandovski "Bavariya"nın heyətində Almaniya çempionu, ölkə Super Kuboku, Çempionlar Liqası və UEFA Super Kubokunun qalibi olub. O, habelə, 34 qolla ardıcıl üçüncü mövsüm Bundesliqanın, 6 qolla ardıcıl dördüncü mövsüm Almaniya Kubokunun və 15 qolla ilk dəfə Çempionlar Liqasının bombardiri olub.