İspaniya La Liqasında isə 15-ci tur başlanıb. “Valyadolid” -“Barselona” oyununda Lionel Messi tarixi rekordla diqqət mərkəzinə düşüb. “Atletiko” isə qalib gələrək liderliyə yiyələnib.

“Barselona” İspaniya çempionatının 15-ci turunda “Valyadolid”in qonağı olub. Kataloniya klubu 21-ci dəqiqədə Kleman Lanqlenin vurduğu qol sayəsində hesabı açıb. 35-ci dəqiqədə fərq artıb. Bu dəfə Martin Breytveyt “Valyadolid”in qapısına yol tapıb. İlk hissə 2:0 hesabilə yekunlaşıb. Ronald Kumanın komandası fasilədən sonra rəqibi 3-cü dəfə cəzalandırıb. Lionel Messi hədəfi dəqiq nişan alaraq əfsanəvi Pelenin rekordunu yeniləyib. Argentinalı superulduz “Barselona”nın heyətində 644-cü qolunu vuraraq 1 klubun heyətində ən çox fərqlənən futbolçu kimi tarixə düşüb. Bu qol həm də yekun nəticəni müəyyənləşdirib: “Valyadolid” - “Barselona” 0:3

Madrid “Atletiko”su isə qələbə qazanaraq liderliyə yüksəlib. Dieqo Simeonenin komandası səfərdə “Real Sosyedad”dan üstün olub. 2-ci hissədə vurulan qollar matçın taleyini həll edib. Paytaxt futbolçularından Mario Hermoso və Markos Lyorente Baskoniya klubunu məyus edib.

“Sevilya” səfərdə “Valensiya” ilə qarşılaşıb. Bu matçda isə yalnız 1 qol olub. Vaxtın yekunlaşmasına 9 dəqiqə qalmış Susonun qarşısıalınmaz zərbəsi Əndəlus klubuna minimal hesablı qələbə qazandırıb.

Maraqlıdır ki, 15-ci turda keçirilən digər matçların hamısında heç-heçə qeydə alınıb:

“Elçe” – “Osasuna” 2:2

“Ueska” – “Levante” 1:1

“Vilyarreal” – “Atletik” 1:1

Xallarının sayını 32-ə çatdıran “Atletiko” liderliyə yüksəlib. Madridin digər komandası “Real” 29 xalla 2-ci sıradadır. Zirvədəki mövqeyini itirən “Real Sosyedad” isə 26 xalla ilk 3-lüyü tamamlayır.