ATP müxtəlif kateqoriyalar üzrə ilin qaliblərinin adını açıqlayıb.

Gözlənildiyi kimi, reytinqdə ilk pillədə qərarlaşan Novak Cokoviç ilin tennisçisi adına layiq görülüb. Qeyd edək ki, serbiyalı raketka ustası bu mövsüm “Böyük Dəbilqə” seriyalı yarışlarda Avstraliya Açıq tennis turnirinin qalibi olub, “Rolan Qarros”un finalına yüksəlib. Cüt yarışlarının ən yaxşısı isə reytinqin zirvəsində qərarlaşan Mate Paviç – Bruno Suares dueti olub. İlin qayıdışı nominasiyasında Vaşek Pospişil digər namizədləri qabaqlayıb. Zədəsini sağaltdıqdan sonra çexiyalı raketka ustası ilk “100-lüy”ə qayıdıb və iki final görüşü keçirib. İlin ən inkişaf edən tennisçisi adına isə Andrey Rublyov layiq görülüb. Mövsümə 23-cü yerdə başlayan rusiyalı tennisçi hazırda 8-ci pillədə qərarlaşıb. O bu mövsüm 5 turnirin qalibi olmaqla ilin rekorduna da imza atıb.

İlin debütantı nominasiyasında isə 3 “Çellencer” turnirinin qalibi olan 17 yaşlı Karlos Alkaras mükafata sahib çıxıb. Mövsümün “feyr-pley” mükafatını Rafael Nadal qazanıbsa, azarkeşlərin sevimlisi adına Rocer Federer layiq görülüb. Maraqlıdır ki, isverçrəli tennisçi ardıcıl 18-ci dəfə bu mükafata yiyələnib. İlin ən humanist və xeyriyyəçi tennisçiləri üçün təsis olunan mükafat isə Frensis Tiafuya təqdim olunub. Andrey Rublyovun məşqçisi Fernando Visente isə  ilin məşqçisi seçilib.