Bu gün start götürən yeniyetmələr arasında dünya çempionatının finalında iki şahmatçımız iştirak edir. Hər iki şahmatçımızdan yüksək nəticələr gözləyirik.

Bu sözləri şahmat üzrə yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi Fərid Abbasov deyib. O qeyd edib ki, dünya çempionatının seçmə yarışları noyabrın 27-də başlayıb və turnirdə, ümumilikdə 18 idmançımız mübarizə aparıb: “Dünya çempionatının seçmə yarışları qitələr üzrə keçirilib və ilk 3 yeri qazanmış şahmatçılar finala vəsiqə qazanıb. Azərbaycan şahmatçılarından ən qabaqcıl və potensiallı 18 nəfər 10, 12, 14, 16 və 18 yaş qrupları üzrə Avropa qitəsi üzrə seçmə yarışlarında iştirak etmişdi. Belə ki, Naxçıvan Şahmat Federasiyasından dəvət olunan respublika çempionu, eyni zamanda, məktəblilər arasında 17 yaşa qədər Avropa çempionatında 3-cü yeri tutan Naxçıvan şəhər şahmat məktəbinin yetirməsi Sadiq Məmmədov, eləcə də Şərur rayonunun perspektivli şahmatçısı Yeganə Əhmədova çempionatda iştirak edib qənaətbəxş nəticələr göstəriblər. Digər 16 təmsilçimiz də öz yaş qruplarında böyük nailiyyətlər qazanan şahmatçılar idi və bəzilərinin nəticələri yaxşı olub. Onların arasında şahmatçılarımızdan Səadət Bəşirli birinci yerə çıxıb. S.Bəşirli 8 yaşlılarda Avropa çempionatında ikinci yeri tutub. O, dünya çempionatında 10 yaşlı şahmatçılar arasında mübarizə aparır. Digər idmançımız Ayan Allahverdiyeva seçmə yarışlarda 3-cü yeri bölüşərək, əlavə əmsallara görə cüzi fərqlə 4-cü yeri tutdu. A.Allahverdiyeva ikiqat Avropa çempionudur. Təşkilatçılar güzəştli kartla onun adını da finalçılar sırasına daxil ediblər. O, isə 16 yaşlıların turnirində gücünü sınayır. Düşünürəm ki, şahmatçılarımızın maksimum nəticə qazanması üçün kifayət qədər potensialları var”.