Xəbər verdiyimiz kimi, İdman Arbitraj Məhkəməsi rusiyalı idmançıların Olimpiada və Dünya çempionatında öz ölkəsinin bayrağı altında qarşıdakı 2 il müddətində iştirak etməsinə qadağa qoyub. Hərçənd qərar daha sərt ola bilərdi. Qərara sevinənlər və narazı olan tərəflər də var.

WADA-nın prezidenti Vitold Banka Beynəlxalq İdman Arbitraj Məhkəməsinin Rusiya ilə bağlı qəbul etdiyi qərara münasibət bildirib. Polşalı funksioner tələblərinin həyata keçirildiyinə görə sevindiyini söyləsə də, cəza müddəti ilə razılaşmayıb. O, rusların 4 il müddətinə böyük yarışlardan kənarda qalmalı olduğunu söyləyib. Buna baxmayaraq Banka WADA-nın hakim yox, sadəcə prokuror olduğunu bildirib.

Rusiya tərəfi də qərara birmənalı olaraq yanaşmır. Fiqurlu konkisürmə yarışlarında 3 qat olimpiya çempionu, hazırda isə Rusiya Dövlət Dumasının deputatı olan İrina Rodnina qərarla bağlı bunları söyləyib: SİTAT “Qərarı acı reallıq kimi qəbul etməliyik. Təbii ki, ədalətsiq qərardır. Amma biz sonuncı Qış Olimpiya Oyunlarında bayraqsız yarışmışıqsa, bu dəfə də eyni təcrübədən yararlanmağa məcburuq. Bu qərara görə qarşıdakı Olimpiadadan imtina etsək, bizi növbəti iki Olimpiadadan diskvalifikasiya edəcəklər” SİTAT

Xatırladaq ki, Beynəlxalq İdman Arbitraj Məhkəməsi WADA-nın Rusiyanı nəhəng yarışlardan diskvalifikasiya etmək qərarını qüvvədə saxlayıb. Sadəcə, Dünya Antidopinq Agentliyinin rusiyalı idmançılar üçün tələb etdiyi 4 illik diskvalifikasiya tələbi tam olaraq yerinə yetirilməyib. Daha doğrusu, CAS şimal qonşularımızı 2 il böyük turnirlərdən kənarda saxlamaq qərarına gəlib. Qərara əsasən, rusiyalı idmaçılar Olimpiada və dünya çempionatlarında neytral bayraq altında yarışacaq. Bu 2022-ci ilin dekabrın 16-na qədər davam edəcək.