Formula 2 pilotlarının Formula 1 komandalarına keçidi davam edir. Mik Şumaxer və Robert Şvartsmanndan sonra daha bir pilot “Kral avtoyarışları”nda iştirak etmək hüququ qazanıb.

Yuki Tsunoda növbəti mövsüm karyerasını Formula 1-də davam etdirəcək. Bu mövsüm Formula 2-də çıxış edən “Karlin Motorsport” komandasında yarışan  yaponiyalı pilot “Alfa Tauri”yə keçib. Bu barədə “Red Bull”un əvəzedici komandasının mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Tsunoda bu mövsüm Formula 2-də debüt edib. O, maraqlı mübarizə şəraitində keçən çempionatda 2-ci pillənin sahibi Kallum Aylottdan 1 xal az toplayaraq  3-cü yeri tutub.  Çempionatın qalibi isə əfsanəvi Mixael Şumaxerin oğlu Mik Şumaxer olub.

Tsunodanın “Alfa Tauri”yə keçməsindən sonra rusiyalı pilot Daniil Kvyat bu komandada yerini itirib. Məsələ ondadır ki, başa çatan mövsüm  heç də Kvyat üçün uğurlu keçməyib. Rusiyalı pilot çempionatın yekununa əsasən, 32 xalla 14-cü yeri tutub. Kvyatın ən yaxşı göstəricisi Emilya Romani Qran-prisində 4-cü yeri tutmaq olub. Kvyatın komanda yoldaşı Pyer Qasli isə bu mövsüm Montsa Qran-prisində finiş xəttini 1-ci keçib, mövsümü isə 10-cu pillədə başa vurub.