Fransanın məşhur “Ekip” qəzeti ATP-də yeni mövsümün ilk 3 ayı üçün təqvim planını dərc edib. Nəşrin yazdığına görə, kişilər arasında mövsümün ilk yarışı yanvarın 4-də Amerikanın Florida ştatındakı Delrey-Biç şəhərində keçiriləcək. “Australian Open”in iştirakçıları 14 günlük karantində qalmaq üçün artıq yanvarın 15-dən Avstraliyaya gəlməlidirlər. Turnir fevralın 8-də başlanacaq. Avstraliyanın açıq çempionatının təsnifat mərhələsində çıxış edəsi tennisçilər fevralın 1-də Əbu-Dabidə qüvvələrini sınayacaq.
Mövsüm ərzində “Böyük Dəbilqə” seriyasının ilk turnirindən sonra tennisçilər fevralın sonunda Monpelye və Kordoba, martın 1-dən 7-dək Rotterdam və Buenos Ayres, 15-dən 21-dək isə Akapulko və Dubay turnirlərində çıxış edəcək.Həmin dövrdə keçirilməli olan Oklend, Puna, Nyu-York, Rio-de-Janeyro və İndian Uells turnirləri ləğv ediləcək.