Frans Futbol” nəşri tarixin ən yaxşı 11-liyini müəyyənləşdirib. Heyətdə olan futbolçulardan ikisi hazırda karyerasını davam etdirir. Bəzi futbolçuların mövqeyi isə müəyyən müzakirələrə səbəb olub.
Nüfuzlu “Frans Futbol” nəşri tarixin ən yaxşı 11-liyini açıqlayıb. Heyəti qurmaq üçün 3-4-3 sxemindən istifadə olunub. “Qızıl topu” qazanan yeganə qolkiper Lev Yaşin futbol tarixinin ən yaxşı qapıçısı kimi heyətə daxil edilib. Müdafiə xəttində dünya çempionları – braziliyalı Kafunu sağda, almaniyalı Frans Bekkenbaueri mərkəzdə görürük. “Milan”ın əfsanəvi oyunçusu Paolo Maldini isə ən yaxşı sol cinah müdafiəçisi kimi fərqlənib. Pele və bir müddət əvvəl vəfat edən Dieqo Armando Maradonanın hücumda deyil, yarımmüdafiə mövqeyində göstərilməsi isə müəyyən müzakirələrə səbəb olub. Onlardan əlavə almaniyalı Lotar Matteus və ispaniyalı Xavi tarixin ən yaxşı yarımmüdafiəçisi seçilib. Hücum xəttində olan 2 futbolçu isə hazırda karyerasını davam etdirir. Söhbət son illərdə “qızıl topu” ən çox qazanan ulduzlar - Lionel Messi və Kriştianu Ronaldudan gedir. Onlarla birlikdə braziliyalı Ronaldo da tarixin ən yaxşı hücumçusu hesab olunub.
Qeyd edək ki, “Xəyalların komandası”nı "Qızıl top" mükafatının səsverməsində iştirak edən 140 nəfər jurnalistdən ibarət münsiflər heyəti müəyyənləşdirib.