Formula 1 üzrə dünya çempionatının son mərhələsi – Əbu Dabu Qran-prisi başa çatıb.

1 dövrəsi 5 kilometr 554 metrdən ibarət yarışda ümumi məsafə 305.4 km olub. Finiş xəttini hamıdan tez Maks Ferstappen keçib. “Red Bull”un niderlandlı pilotu 1 saat 36 dəqiqə 28,645 saniyə nəticə ilə ilk pillədə qərarlaşıb. “Mersedes”in finlandiyalı sürücüsü Valtteri Bottas liderdən 15,976 saniyə geri qalıb. Onun komanda yoldaşı Lüis Hemilton isə ilk 3-lüyü tamamlayıb. O, finiş xəttini liderdən 18,415 saniyə gec keçib. Xatırladaq ki, Lüis Hemilton noyabrın 15-də Türkiyə Qran-prisində qalib gələrək 7-ci dəfə dünya çempionu olub.