Tennis yarışları başa çatsa, mövsümün yekunları ilə bağlı tədbirlər davam edir. WTA qadın tennisçilər arasında mövsümə rəng qatan raketka ustalarını müəyyənləşdirib.

WTA mövsümün müxtəlif kateqoriyalar üzrə qaliblərinin adını elan edib. Reytinqdə 4-cü pillədə qərarlaşan amerikalı tennisçi Sofiya Kenin ilin ən yaxşı raketka ustası adına layiq görülüb. Sofiyanın bu mükafatı qazanmasına isə Avstraliya Açıq tennis turnirində çempionluğu və “Rollan Qarros” yarışında finala çıxması səbəb olub. Cüt yarışlarda mübarizə aparan qadın tennisçilər arasında isə Kristina Mladenoviçlə Timea Baboş fəxri mükafatı qazanıb. Bu tandem “Australian Open” və “Rollan Qarros” turnirlərinin qalibi olub. İlin yüksəlişi nominasiyasında isə 1992-ci ildən sonra “Rolan Qarros” turnirinin 19 yaşlı ən gənc qalibi olan polşalı İqa Şvöntek fərqlənib.  İlin qayıdışı nominasiyasında Viktoriya Azarenka mükafata sahib çıxıb. Bir müddət yarışlarda iştirak etməyən 31 yaşlı belaruslu tennisçi bu mövsüm “US Open”də finala qədər yüksəlmişdi. İlin debütantı nominasiyasına gəlincə, mövsümə reytinqdə 250-ci yerdən başlayıb onu 47-ci pillədə başa vuran və “Rolan Qarros”da yarımfinala qədər yüksələn argentinalı Nadya Podoroşka by mükafata sahib çıxıb.  İqa Şvöntekin çalışdırıcısı Pyotr Serpuştovski ilin məşqçisi, Mari Buzkova isə ilin feyr-pley mükafatını qazanıb.